“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirilib




Yazıçı-publisist Elmira Axundova təqdimatı keçirilən kitabında Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl, əzəmətli və orijinal portretini yaradıb

Bakı, 30 noyabr, AZƏRTAC

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Musa QasımlıXXI əsrin görkəmli dövlət xadimi İlham Əliyevə həsr edilmiş kitabın təqdimatının mühüm hadisə olduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan M.Qasımlı bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan dövləti yaşadıqca tariximizin bu uğurlu səhifələrinə daim müraciət ediləcək. Çünki tarix boyu güclü dövlət xadimlərinin irsinə tez-tez müraciət olunur.

M.Qasımlı kiçik ölkə olan Azərbaycanın dünyada böyük nüfuz sahibinə, güclü siyasi aktora çevrilməsinin Prezident İlham Əliyevin ən böyük uğurlarından olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan Avropanın alternativ enerji mənbəyinə çevrilib. Bunun əsasında dövlətimizin başçısının planetar təfəkkürü, komanda bacarığı və alternativlər ortaya qoyması dayanır. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq, kiçik ölkənin böyük siyasi aktora çevrilməsinin modelini müəyyənləşdirdi. “Bu, ilk növbədə “Cənub Qaz Dəhlizi” layihəsində özünü göstərdi”, - deyən M.Qasımlı əsərdə bu mövzuya xüsusi bölmənin həsr edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ümummilli Liderimiz tərəfindən qoyulan yeni neft strategiyasını enerjinin digər sahəsindən - qaz resurslarından istifadə edərək Azərbaycanın tranzit mövqelərini möhkəmləndirib. Bütün bu məsələlər, eləcə də Azərbaycanın müxtəlif gücləri birləşdirən əməkdaşlıq məkanına çevrilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəlməsi və digər aktual mövzular kitabda geniş dəyərləndirilib.

Bölmələr: Elanlar / Simpoziumlar / Konfranslar
Teqlər:

Rəy bildir