Qafqazşünasliq Institutunun əməkdaşi beynəlxalq sammitdə məruzə edib


Qafqazşünasliq Institutunun əməkdaşi beynəlxalq sammitdə məruzə edib


Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d.,dos.Ramilə Dadaşova  cari ilin 25-26 noyabr tarixlərində İstanbulda BMT-nin UNİFEM təşkilatının, Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin və Qadın və Demokratiya qeyri-hökumət təşkilatının birgə təşkil etdiyi II Beynəlxalq Qadın və Ədalət Sammitinin “Qadın və sülh” bölmə iclasında “Silahlı münaqişələrdə qadınlar və münaqişələrin nizama salınmasında qadınların  iştirakının əhəmiyyəti” mövzusunda məruzə edib. Məruzədə silahlı münaqişələr dövründə qadın və uşaqların müdafiəsi barədə beynəlxalq hüquq normalarının çox zaman həyata keçirilməməsi və nəticədə müharibələrdə qadınların və uşaqların daha çox əziyyət çəkməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, nəticədə Dağlıq Qarabağ regionu və ətraf rayonların da daxil olduğu 20 faizdən çox ərazinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının Ermənistandan və işğal edilən ərazilərdən qaçqın və məcburi köçkünə çevrilməsi, onun 54 faizinin isə qadınlar təşkil etdiyi, 4866 nəfərin əsir və girov götürüldüyü və onun 314-nün qadın, 58-nin uşaq, 355-nin qoca olduğu sammit iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda məruzədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycanın Xocalı şəhərində  bəşəriyyətə qarşı törətdiyi soyqırımından geniş bəhs edilib.

Məruzənin sonunda alim, qadın və uşaqların müharibə qurbanı olmasından qorunması üçün beynəlxalq tədbirlərin həyata keçirilməsinin və təcavüzkar tərəfə qarşı sanksiyaların tətbiqinin vacibliyini sammit iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra müzakirələr olub və suallar verilib. Məruzəçi, qadınların sülh prosesində kifayət qədər iştirak etməməsinin səbəbləri, sülh prosesində onların iştirakını necə artırmaq olar, qadınlar hökumət orqanlarında, polis departamentlərində, hərbidə olarlarsa, müharibələrin azalmasına səbəb olarmı, qeyri-hökumət təşkilatları qadınların sülh prosesində iştirakına necə kömək edə bilər, qadın və uşaqların müharibə qurbanı olmasına son qoyulması üçün hansı beynəlxalq tədbirlərin görülməsi kimi sualları cavablandırıb. R.B.Dadaşovaya II Beynəlxalq Qadın və Ədalət Sammitinin işində dəyərli iştirakına görə sertifikat təqdim edilib.

Bölmələr: Xəbərlər / Konfranslar / Arxiv
Teqlər: по новости

Rəy bildir