Qafqazşünasların Birinci Beynəlxalq Forumu


 

Qafqazşünasların Birinci Beynəlxalq Forumu

 

   AMEA Rəyasət Heyəti və Qafqazşünaslıq İnstitutu 17-18 aprel tarixlərində ölkəmizdə ilk dəfə olaraq Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirir. İki gün davam edəcək Forumda Azərbaycan, Rusiya, Türkiyə,  ABŞ,  Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim və tədqiqatçının Qafqaz ölkələrinin daxili ictimai-siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin və digər ölkələrin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, törətdiyi soyqırımları, xüsusən Xocalı soyqırımı   və b. problemlərə həsr edilmiş 163 məruzəsi 20 bölmə iclasında müzakirə ediləcəkdir. Bölmə iclaslarına Azərbaycanın və xarici ölkələrin görkəmli alimləri sədrlik edəcəklər.

Forum iştirakçıları ilk öncə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək çələng və çiçək dəstələri qoymuşlar.

Forumun açılış mərasimi AMEA Mərkəzi Elmi Kitabxanasının Konfrans salonunda Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlamışdır. Azərbaycan Respublikasının  Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

AMEA prezidenti  akademik Akif Əlizadə geniş açılış nitqi söyləmişdir. Sonra təbrik çıxışları olmuşdur. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Türk Tarix Qurumunun sədri professor Refik Turan,  Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurov, BDU-nun rektoru akademik Abel Məhərrəmov, Böyük Britaniya Mərkəzi Asiya və Şərq Tədqiqatları Kral Cəmiyyətinin həqiqi üzvü professor Mixail Basxanov, ABŞ Koastal Karolina  Universitetinin tarix professoru Kristofer Qann və AMEA Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı çıxış etmişlər. İki ildən bir keçirilməsi nəzərdə tutulan Forum Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yaşadığımız Qafqaz regionunu dərindən öyrənməyə dair verdiyi tövsiyələrin  yerinə yetirilməsində ilk sistemli addım olaraq qiymətləndirilmişdir.

Daha sonra AMEA prezidenti akademik Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri professor Refik Turana,  Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişova, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveliyə və Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurova təqdim etmişdir.

Açılış mərasimində AMEA Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzi  və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutu arasında ikitərəfli elmi əməkdaşlığa dair memorandum imzalanmışdır. Sənədləri AMEA Qafqazşünaslıq İnstitutun direktoru professor Musa Qasımlı, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi Tarix İnstitutunun direktoru professor Kamal Çiçək imzalamışlar.

AMEA prezidentinin sərəncamına əsasən yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası”nın və AMEA Qafqazünaslıq İnstitutunun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsrail, Gürcüstan və Özbəkistan alim və tədqiqatçılarının erməni terror təşkilatlarının, daşnak Ermənistanının, indiki Ermənistanın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımılarından  bəhs edən rus və ingilis dillərində məqalələrinin toplandığı “Soyqırımı həqiqətləri” (Bakı: Elm, 2017, 256 səh.) kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli aparmışdır. Professorlar Quram Marxuliya (Gürcüstan), Kamal Çiçək, İbrahim Ethem Atnur (Türkiyə), Supyan Maqamadov (Rusiya), dosentlər Oleq Kupçik (Ukrayna), Gülnar Kozqambayeva (Qazaxıstan),  tədqiqatçı Şuxrat Barlas (Özbəkistan),  AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və AMEA Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı və b. çıxış edərək kitabın əhəmiyyətindən danışmışlar. Kitab cənab Prezident İlham Əliyevin “hücum diplomatiyası” taktikasının alimlər qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə AMEA-nın töhfəsi kimi qiymətləndirilmişdir.    

Açılış mərasimində universitet rektorları, Milli Məclisin deputatları, müvafiq sahənin tanınmış elm adamları, gənc alimlər və magistrlər iştirak etmişlər.

Fasilədən sonra Forum öz işini bölmə iclaslarında davam etdirmişdir.  


Bölmələr: Xəbərlər / Simpoziumlar / Foto qalareya
Teqlər:

Rəy bildir